
Səhər acqarına içilən qəhvə bir çox insanlar üçün enerji mənbəyi sayılsa da, bunun arxasında ciddi sağlamlıq riskləri gizlənə bilər. Mütəxəssislər bildirirlər ki, acqarına qəhvə qəbul etmək mədə turşusunun ifrazını artırır. Foodinfo.az bildirir ki, bu hal zamanla qastrit və reflü kimi problemlərin yaranmasına səbəb ola bilər.
Eyni zamanda, kofeinin qəfil orqanizmə daxil olması sinir sistemində həddindən artıq oyanıqlıq yarada və ürək döyüntülərinin sürətlənməsinə gətirib çıxara bilər. Araşdırmalar göstərir ki, acqarına içilən qəhvə qan şəkərinin kəskin enib-qalxmasına da yol aça bilər. Bu xüsusilə insulinə həssas insanlarda risklidir. Qəhvənin tərkibindəki bioloji aktiv maddələr mədə selikli qişasını qıcıqlandıra bilər. Nəticədə, bəzi insanlarda mədə ağrısı, yanğı və həzm problemləri müşahidə olunur.
Dietoloqlar səhər yeməyindən əvvəl qəhvə içməyi tövsiyə etmirlər. Ən ideal vaxt isə səhər yeməyindən sonra, bədənin nisbətən stabilləşdiyi zaman hesab olunur. Kofeinə qarşı fərdi həssaslıq da nəzərə alınmalıdır. Qəhvəni süd və ya bitki tərkibli alternativlərlə qarışdırmaq bu təsirləri azalda bilər. Lakin boş mədə ilə qəbul edilən qəhvə bir çox sağlamlıq riskinə yol aça bilər.