Alfa-qal sindromu qırmızı ət və ondan hazırlanan məhsullara qarşı sonradan yaranan allergiya növüdür. Bu vəziyyət adətən gənə dişləməsindən sonra inkişaf edir. 

Foodinfo.az xəbər verir ki, gənənin tüpürcəyində olan alfa-gal (galaktoza-α-1,3-galaktoza) adlı şəkər molekulu insanın immun sisteminə keçdikdə bədən onu yad maddə kimi qəbul edir və allergik reaksiyalara səbəb olur.

Qırmızı ət və ya heyvani məhsullar yedikdən 3–6 saat sonra aşağıdakı simptomlar meydana çıxa bilər:

– Dəri səpgiləri, qaşınma

– Şişkinlik (üz, dodaq, dil, boğaz)

– Mədə ağrısı, ishal və ya ürəkbulanma

– Başgicəllənmə, halsızlıq

– Ağır hallarda anafilaksi (həyati təhlükəli allergik şok)

Bu hal daha çox gənə dişləməsi ilə qarşılaşan bölgələrdə yaşayan insanlarda müşahidə olunur. Həmçinin, meşəlik ərazilərdə işləyənlər və ya təbiətdə çox vaxt keçirənlər risk altındadır.

Hal-hazırda bu sindromun tam müalicəsi yoxdur. Əsas yanaşma qırmızı ət və heyvani mənşəli məhsullardan uzaq durmaqdır. Allergik reaksiyalar zamanı həkimlər antihistaminiklər və ağır hallarda adrenalin inyeksiyası (EpiPen) təyin edə bilərlər.

Qorunmaq üçün gənə dişləməsindən ehtiyatlanmaq, açıq havada qoruyucu geyim geyinmək və gənə əleyhinə sprey istifadə etmək tövsiyə olunur.