Yuxu rejiminə düzgün əməl etməyin təkcə yorğunluğu azaltmadığı, həm də təzyiqi aşağı saldığı məlum olub.
Foodinfo.az xəbər verir ki, ABŞ alimləri apardıqları araşdırmada yuxu saatlarını sabit saxlamağın dərmansız şəkildə qan təzyiqini azalda biləcəyini ortaya çıxarıblar.

Tədqiqatda yüksək qan təzyiqi olan 11 nəfər iştirak edib və onlardan hər gün eyni saatda yatmağa çalışmaları xahiş olunub. Alimlər bildirirlər ki, əvvəllər iştirakçıların yatma vaxtı gündəlik orta hesabla 30 dəqiqə dəyişirdisə, təcrübə zamanı bu dəyişkənlik 7 dəqiqəyə qədər endirilib. Bu sadə addımın nəticəsində iştirakçıların gündəlik sistolik təzyiqi 4 millimetr civə sütunu, diastolik təzyiqi isə 3 millimetr civə sütunu aşağı düşüb.

Tədqiqatın müəllifi Saurabh Tosar qeyd edir ki, bu rəqəmlər kiçik görünsə də, təzyiqin cəmi 5 millimetr civə sütunu azalması belə gecə saatlarında ürək-damar xəstəlikləri riskini 10 faizdən artıq azalda bilər. Onun fikrincə, yuxu saatlarının sabitləşdirilməsi bəzən gündəlik fiziki fəaliyyət və ya duz qəbulunun məhdudlaşdırılması ilə əldə olunan nəticələrlə müqayisə edilə bilər.

Alimlər vurğulayırlar ki, insan orqanizmi ritmə uyğun işlədiyi üçün yuxu saatlarındakı sabitlik damarların yükünü azaltmağa, ürəyin fəaliyyətini tənzimləməyə və qan dövranını sabit saxlamağa kömək edir. Bu səbəbdən, qeyri-sabit yuxu rejimi təkcə yorğunluq deyil, həm də təzyiq artımı ilə əlaqələndirilir.

Tədqiqatın nəticələri “SLEEP Advances” (SAdv) jurnalında dərc edilib və mütəxəssislər hesab edirlər ki, bu tapıntı yuxu vərdişlərinə daha ciddi yanaşmanın sağlamlıq üçün nə qədər vacib olduğunu bir daha göstərir. Alimlərin fikrincə, yatmaq üçün sabit bir saat seçmək və hər gün ona əməl etmək ürək sağlamlığına töhfə verən ən sadə, lakin ən təsirli addımlardan biridir.