Aparılan tibbi araşdırmalara görə, tütün tüstüsündəki minlərlə kimyəvi maddə bədəni sistemli şəkildə zədələyir və bir sıra həyati orqanlarda ciddi fəsadlara yol açır.
Foodinfo.az xəbər verir ki, siqaretin ən çox zərər vurduğu orqan ağciyərlərdir. Tüstüdəki toksinlər ağciyər toxumasını zədələyərək xroniki bronxit, KOAH və ağciyər xərçəngi riskini kəskin artırır.
Siqaret çəkənlərdə nəfəs darlığı, oksigen çatışmazlığı və davamlı öskürək daha tez-tez müşahidə edilir.
Eyni zamanda, siqaret ürək-damar sisteminə də ciddi ziyan verir. Tütün damarların daralmasına, qan dövranının zəifləməsinə və nəticədə infarkt, insult riskinin artmasına səbəb olur.
Siqaretin toksiki təsiri beyni, dərini, ağız boşluğunu, mədə-bağırsaq sistemini, həmçinin reproduktiv orqanları da zədələyir.
Başda yaddaş pozğunluqları, ağız xərçəngi, mədə yarası, hormonal pozğunluqlar və sonsuzluq kimi problemlər siqaret çəkənlərdə daha çox rast gəlinir.
Siqaretin “təhlükəsiz dozası” yoxdur və bədənə ziyanı bütün orqanlara yayılır. Ekspertlər siqareti mümkün qədər tez tərgitməyi sağlamlığın qorunması üçün əsas şərt kimi göstərirlər.






