Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq işlər görülməkdədir. 15 yanvar 2021-ci il tarixdə Şuranın üzvlərinin iştirakı ilə videobağlantı formatında növbəti iclas keçirilib.
İclasda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Agentliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Agentlik və ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasını təmin etmək məqsədilə Agentlik yanında İctimai Şuranın fəaliyyətinin vacibliyi vurğulanıb.
Foodinfo.az-ın məlumatına görə, iclasda səsvermə yolu ilə Azərbaycan Heyvandarlıq Assosasiyasının sədri Nazim Səfərov İctimai Şuranın sədri, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov sədrin müavini, “Qidalanma və Sağlamlıq" İctimai Birliyinin sədri İlqar Şamilov isə katib seçilib. Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlər haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.