Bu gün Bakıda 1-ci Bakı Beynəlxalq “Qida Təhlükəsizliyi” konfransı öz işinə başlayıb.
Foodinfo.az xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyi və Dünya Bankının Azərbaycan Nümayəndəliyidir.
Konfrans 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi ilə paralel baş tutub.
Tədbirin məqsədi qida təhlükəsizliyi sahəsindəki yenidənqurma işlərini inkişaf etdirmək üçün Azərbaycan höküməti, qida sənayesi nümayəndələri, beynəlxalq ticarət tərəfdaşları və dövlət nəzarətini həyata keçirən qurumları bir araya toplamaqdır.
AQTA sədri Qoşqar Təhməzli bildirib ki, qida təhlükəsizliyi məsələsi cəmiyyət həyatında sabitliyin, dayanıqlı inkişafın təmin olunması üçün strateji əhəmiyyət daşımaqdadır. O, konfransın keçirilməsində əsas məqsədlərdən birinin Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar, xarici ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək, eləcə də bu istiqamətdə Agentlik və beynəlxalq qurumlar arasında fikir mübadiləsi aparmaqdan ibarət olduğunu deyib. Q.Təhməzli vurğulayıb ki, bu mötəbər tədbir ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əmakdaşlığını daha da genişləndirəcək, Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfəsini verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcək.
Konfransda həmçinin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Yeron Vilyams və İranın kənd təsərrüfatı nazirinin müavini Mehdi Xaemiyan da çıxış ediblər. Onlar tədbirin əhəmiyyətini vurğulayaraq Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sahələrində ixracın genişlənməsinə köməklik göstərəcəyini, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz qida məhsullarının istehsalına öz töhfəsini verəcəyini ifadə ediblər.
Konfrans işini texniki sessiyalarda davam etdirib. Sessiyalarda yerli və xarici ekspertlərin qida təhlükəsizliyi ilə əlaqədar hazırladıqları təqdimatlar konfrans iştirakçılarına nümayiş etdirili. Eyni zamanda, sessiyalarda yerli və xarici mütəxəssislər tərəfindən qida təhlükəsizliyinə rəsmi nəzarət, qida təhlükəsizliyi sertifikatı, qida saxtakarlıqlarının qarşısının alınma yolları, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində təhlükəsizliyin təmin edilməsi, qida təhlükəsizliyinin xərcləri və faydaları mövzuları müzakirə olunub.
Son xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Diş məcununun bədənə mənfi və müsbət təsiri
- Qəhvənin sağlamlığa faydaları nələrdir?
- Sağlamlıq üçün istehlak edilməli olan tərəvəz və meyvələr
- B12 çatışmazlığına qarşı təbii yollar
- Həkim keyfiyyətli kürü seçməklə bağlı məsləhətlər verdi