Pandemiya dövründə Bakıda qanunsuz fəaliyyət göstərən bəzi özəl uşaq bağçaları aşkarlanıb.
Foodinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları müvafiq reydlər aparıblar. Yoxlamalar nəticəsində paytaxtın Binəqədi və Sabunçu rayonunda fəaliyyət göstərən “Addım-addım” və “Sweet House” bağçalarının fəaliyyəti dayandırılıb və onların rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə edilib. Eyni zamanda uşaqlar valideynlərinə təhvil verilib.
Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən 346 dövlət bağçası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq bir müddətdir fəaliyyətini dayandırıb. Hazırda koronavirus pandemiyasının artmasını nəzərə alaraq bəzi özəl bağçaların rəhbərlikləri də əhalinin sağlamlığını düşünüb qanunazidd fəaliyyətə yol verməməlidir.