Böyrək daşlarının artan halları qidalanma ilə birbaşa əlaqələndirilir. Bəzi məhsulların həddindən artıq qəbulu böyrəklərdə mineral yığılmasını sürətləndirir və daş əmələ gəlməsi riskini artırır.

Foodinfo.az xəbər verir ki, xüsusilə oksalatla zəngin qidalar — ispanaq, çuğundur, kakao və qoz-fındıq — böyrək daşlarının ən yayılmış forması olan oksalat daşlarının yaranmasına səbəb olur.

Eyni zamanda duzlu qidalar, o cümlədən hazır paket yeməkləri, kolbasa-sosis və fast-food məhsulları böyrəklərdə kalsiumun yığılmasını artırır. 

Duz qəbulunun həddən artıq oması ən təhlükəli risk faktorlarından biri hesab edilir.

Heyvani zülalın, xüsusilə qırmızı ət, daxili orqan ətləri və bəzi balıq növlərinin çox qəbulu da sidik turşusu daşlarının əmələ gəlməsinə şərait yaradır. 

Şirin içkilər və yüksək fruktozalı məhsullar isə sidik turşusunun səviyyəsini artıraraq prosesi daha da sürətləndirir.

Daş riskini azaltmaq istəyənlər gündə 2–2,5 litr su içməli, duz və şəkərli içkilərin istehlakını minimuma endirməli, oksalatlı qidaları isə kalsiumla zəngin məhsullarla birlikdə qəbul etməlidirlər.

Düzgün olmayan qida seçimi böyrək daşlarının yaranmasına əhəmiyyətli dərəcədə təsir edir və vaxtında dəyişiklik edilməzsə ciddi fəsadlara səbəb ola bilər.