“Bu ilin yaz-yay aylarında meyvə istehsalında 5-6%-lik, tərəvəz istehsalında isə 10%-dən çox artım proqnozlaşdırılır”. Foodinfo.az xəbər verir ki, bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bildirib. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri əkin sahələrində monitorinqlər aparırlar: “Hesablamalara əsasən bu ilin yaz-yay mövsümündə tərəvəz istehsalında artım proqnozlaşdırılır. Çünki yazlıq tərəvəzlərin əkin sahəsi genişlənir. Belə ki, payızda əkilən yazda yetişən kartof, soğan kimi tərəvəzlərin yazlıq əkin sahələri genişlənib”. F.Fikrətzadə yaz-yay aylarında gözlənilən mövsümlük meyvə istehsalı ilə bağlı danışarkən qeyd edib ki, fevral ayında havanın temperaturunda anormal istilik müşahidə edildi: “Mütəxəssislər hesab edirlər ki, qış aylarında havanın temperaturu iqlim normasından yüksək olması, yəni həddindən çox anormal isti hava şəraitinin olması ağacların tez çiçəkləməsinə səbəb olur. Mart ayının əvvəllərində müşahidə edilmiş yağış, külək və soyuq hava temperaturu ağacların çiçəklənməsinə və tozlanmasına mənfi təsir edə bilər. Bu isə məhsuldarlığa öz təsirini göstərə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ölkədə meyvə bağları genişləndirilir. Genişləndirilmiş meyvə bağlarının çox hissəsi məhsul verən yaşa çatır. Həmçinin, meyvə bağlarına bütün aqro-texniki normalara uyğun qulluq edilir. Bu baxımdan bu il yaz-yay mövsümündə ölkənin meyvə istehsalında 5-6%-lik artım proqnozlaşdırırıq”. Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanda 335,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,2% çoxdur. Hesabat dövründə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 12,5% artaraq 15 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 320,3 milyon manat olub.