
Bədənimizin günəşə həsrət qaldığı bu aylarda ağlımıza son zamanların məşhur vitaminlərindən olan D vitamini gəlir. Bəs D vitaminindən necə faydalana bilərik? Niyə bizim üçün bu qədər vacibdir?
Foodinfo.az xəbər verir ki, D vitamininin 95%-i günəş işığı sayəsində dəridə sintez olunur və bağırsaqlardan kalsium və fosforun sorulmasını təmin edir.
D vitamini kalsium və fosforun udulmasını təmin edərək, xüsusilə böyümə və inkişaf çağında olan uşaqlarda çox əhəmiyyətli bir yerə malikdir.
Bu vitamin sümüklərin qorunması və qurulması üçün kalsiumdan daha vacibdir, çünki D vitamini çatışmazlığında nə qədər kalsium alınsa da, bağırsaqlardan sorula bilmir. Buna görə də kifayət qədər D vitamini qəbulu osteoporozun qarşısını alır.
Vitamin D mədəaltı vəzində insulin istehsal edən hüceyrələr tərəfindən insulin istehsalını stimullaşdırır. Bu şəkildə insulin müqavimətini azaldır. Bu səbəbdən 2-ci tip diabetin qarşısının alınmasında və müalicəsində kömək edir.
Günəşə məruz qalma dərəcəsi ilə serotonin səviyyəsi arasında müsbət əlaqə olduğu məlumdur. D vitamini səviyyəsinin aşağı olması xroniki yorğunluq və depressiyaya səbəb ola bilər. D vitamini çatışmazlığı olan hallarda, xüsusilə qış aylarında depressiyanı aradan qaldırmaq üçün kifayət qədər D vitamini əlavəsi qəbul etmək lazımdır.
Xərçəng hüceyrələrinin böyüməsinin və çoxalmasının qarşısını alır. Araşdırmalar sübut edib ki, xüsusilə prostat, döş və bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
Fərdlərdə D vitamini səviyyəsinin aşağı olması piylənməyə səbəb olur. D vitamini çatışmazlığı ilə müşahidə olunan piy toxumasının (yağ toxuması) və dislipidemiyanın (qanda anormal yağ səviyyəsinin artması) artması bunu sübut edir.
Vitamin D Renin-angiotenzin-aldosteron sistemini inhibə edərək yüksək təzyiqin (hipertoniya) qarşısını alır, böyrək xəstəliklərindən qoruyur və ürək-damar xəstəliklərinin (koronar arteriya xəstəlikləri) riskini azaldır.
D vitamini immunitet sisteminə çox əhəmiyyətli təsir göstərir. Bu səbəbdən D vitamini astma, romatoid artrit (iltihablı oynaq xəstəliyi), 1-ci tip diabet, Crohn xəstəliyi (həzm sisteminin iltihabı xəstəliyi) və dağınıq skleroz (MS) kimi immun pozğunluqların qarşısının alınması və müalicəsində effektiv şəkildə istifadə olunur.