Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, dermatoloq Mir-Riad Cavadzadə dəridə ala-ağ ləkələrin hansı xəstəliklər nəticəsində yarandığını açıqlayıb. Foodinfo.az-ın məlumatınaa görə, dermatoloq bildirib ki, uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir. O qeyd edib ki, elmi adı vitiliqo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır: "Bu pozğunluqlar melanositlərin - piqment hüceyrələrinin - lezyon mərkəzlərində məhv olunması və ya kəskin azalması səbəbindən yaranır. Xəstəlik hər yaşda görülə bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində - 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən artır". Nazirlik rəsmisinin sözlərinə görə, vitiliqo ən çox qadınlarda rast gəlinir: "Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo ailənin üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, eyni əkizlər arasında isə 23 faiz təşkil edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır. Vitiligonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır. Vitiligonun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir".