İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Promart" MMC (“Bolmart” mağazalar şəbəkəsinin sahibi) barədə iş qaldırıb. Foodinfo.az xəbər verir ki, bu barədə qurumdan bildirilib. Məlumatda deyilir ki, dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Bununla əlaqədar Dövlət Xidməti un və çörək bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib. Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Promart” MMC heç bir sənəd və məlumat təqdim etməyib. Bununla əlaqədar, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə şirkət barədə iş qaldırılıb və nəticəsindən asılı olaraq, qanunamüvafiq tədbir görüləcək.