İyunun 18 - də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ictimai iaşə obyektlərində daxili qaydada təyin olunmuş məsul şəxslərlə növbəti görüş keçirib. Videokonfrans formatında keçirilən iclasda respublika üzrə 50-ə yaxın ictimai iaşə müəssisəsinə təyin olunan məsul şəxs iştirak edib. Foodinfo.az xəbər verir ki, iclas zamanı koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsinin zəruriliyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılması, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlərin təşkili məsul şəxslərin vəzifələrindəndir, ictimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslər bütün təmizlik və dezinfeksiya tədbirlərinin ardıcıl olaraq qeydiyyatının aparılması üçün gündəlik nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir. Görüşdə koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları, qida qəbulu zallarında oturacaqların ara məsafəsi, masalararası məsafə, qida qəbulu yerlərinin ümumi sahəsi və oturacaq yerlərinin sayını əks etdirən lövhələr barədə fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, məsul şəxslər barədə müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət olunur, monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyəti barədə qanunnvericiliyə uyğun tədbirlər görülür. Daha sonra təyin edilmiş məsul şəxlərin gördüyü işlər barədə hesabatlar dinlənilib, onların sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb, bu görüşlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb.