Xüsusilə mövsümi xəstəliklər zamanı tez-tez tövsiyə edilən limon və zəncəfil çayı həm dadı, həm də sağlamlığa mümkün təsirləri ilə diqqət çəkir. Bu çay düzgün hazırlandıqda və ölçülü içildikdə sağlamlıq üçün bir sıra faydalar verir.
Foodinfo.az xəbər verir ki, zəncəfil təbii iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. O, həzm sistemini dəstəkləyir, ürəkbulanmanı azalda və boğazda yaranan qıcıqlanmanı sakitləşdirir.
Limon isə C vitamini ilə zəngin olduğu üçün immun sisteminin güclənməsinə kömək edir və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.
Limon və zəncəfil çayı birlikdə qəbul edildikdə bədənin maye balansını qorumağa, soyuqdəymə və qrip əlamətlərinin yüngülləşdirilməsinə yardım edir. Eyni zamanda bu içki metabolizmanın aktivləşməsinə dəstək göstərərək yüngül detoks təsiri yaradır.
Bununla belə, həkimlər bəzi hallarda ehtiyatlı olmağı tövsiyə edirlər. Mədə turşuluğu yüksək olan, reflüks və ya mədə xorası problemi yaşayan şəxslərdə limon və zəncəfil çayı mədədə yanma və narahatlıq yarada bilər. Həmçinin zəncəfilin həddindən artıq istifadəsi bəzi insanlarda təzyiqə və qan durulaşdırıcı təsirə səbəb ola bilər.
Limon və zəncəfil çayı möcüzəvi müalicə vasitəsi deyil. O, sağlam həyat tərzinin və balanslı qidalanmanın tərkib hissəsi kimi qəbul edilməlidir. Gün ərzində 1–2 fincan içilməsi əksər insanlar üçün kifayət hesab olunur.






