Alimlər müəyyən edib ki, qlutamatın qəbulunu azaltmaq migren tutmalarının sayını nəzərəçarpacaq dərəcədə azalda bilər. Foodinfo.az bildirir ki, ABŞ alimlərinin apardığı araşdırma bu maddənin sinir sisteminə təsirinin düşündüyümüzdən daha güclü olduğunu göstərib.

Tədqiqatın nəticələri San-Dieqoda keçirilən Nevrobiologiya Cəmiyyəti toplantısında təqdim olunub. Mütəxəssislər bildirir ki, qlutamat həm emal olunmuş qidalarda, həm də pomidor, göbələk kimi təbii mənbələrdə olur. Onun sinir sistemi üzərində həyəcanlandırıcı təsiri baş beynində ağrı siqnallarının güclənməsinə şərait yaradır. Bu səbəbdən qlutamatın artıq qəbul edilməsi migrenlə bağlı həssaslığı artıran amil kimi qiymətləndirilir.

Araşdırmaya Fars körfəzi müharibəsi veteranlarının cəlb edilməsi isə təsadüfi deyil, çünki bu qrupda migren daha geniş yayılıb. İlk MRT nəticələrində iştirakçıların sağ görmə qabığında qalınlığın artdığı müşahidə olunub. Daha sonra iştirakçılar qlutamatı azaldılmış xüsusi qidalanma proqramına keçiblər.

Cəmi bir ay sonra aparılan təkrar MRT beyin strukturunda müsbət dəyişikliklər və migren tutmalarının kəskin azalmasını göstərib. Tutmaların yayılma göstəricisi əvvəlki 50 faizdən cəmi 20 faizə düşüb. Eyni zamanda xroniki ağrılar, yorğunluq və əhval pozuntuları da zəifləyib. Alimlər bu qidalanma modelinin xüsusilə aura ilə müşahidə olunan migren xəstələri üçün perspektivli yanaşma olduğunu vurğulayırlar.