Alüminium qablar ucuz və yüngül olsa da, kortəbii şəkildə belə qablarda bişirilən və saxlanılan qidalar insan orqanizmi üçün zərərlidir. Həm də insanlar belə qidalardan zəhərlənə bilərlər. Buna görə də, alüminium tərkibli qablardan mətbəxdə istifadə olunması tövsiyə edilmir.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ət və ət məhsulları, balıq və balıq məhsulları və digər belə qidalar yüksək temperaturda alüminium qablarda bişirildikdə, eləcə də həmin vaxt məhsulların üzərinə turşu tərkibli hər hansı bir məhsul, məsələn, limon əlavə edildikdə, həmin qida insan üçün çox təhlükəli olur. Bu zaman alüminium qidaya, qida vasitəsilə də insan orqanizminə keçir. Beləliklə, orqanizmdə alüminiumun toplanması prosesi baş verir. Toplanmış alüminium isə insanın beyin hüceyrələrinin zədələnməsinə, qırmızı qan hüceyrələrinin azalmasına, sümük və böyrək xəstəliklərinin yaranmasına səbəb olur. Uşaqlarda zehni geriliyə, böyüklərdə Azheimer xəstəliyinə şərait yaradır.
Mütəxəssislər hesab edirlər ki, alüminium qablarda yüksək temperaturda yermək bişirilməməli və turş xassəli qidalar saxlanılmamalıdır. Belə qablarda yalnız turş olmayan qidalar saxlanıla bilər. Həmçinin alüminium qablardan aşağı temperaturda istifadə etmək olar. Ümumilikdə isə mətbəxdə paslanmayan polad, şüşə və keramika qablardan istifadə edilməsi tövsiyə olunur.