Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Foodinfo.az  xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək. NRYTN bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. Bayram ərəfəsində və bayram günlərində daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur. Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili həyata keçiriləcək. Qeyd edək ki, şəhərlərarası və rayonlararası ictimai nəqliyyatın hərəkəti Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı tədbirlər barədə" qərarına uyğun şəkildə mart ayından məhdudlaşdırılıb. Regionlarda şəhər, rayon və qəsəbədaxili marşrut xətləri bayram günləri fəaliyyət göstərəcək.