2019-cu ildə Zaqatala rayonunda 8399 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 2075 baş çoxdur. Süni mayalama yolu ilə alınan cins tərkibi yaxşılaşdırılmış buzovların sayı isə 2018-ci illə müqayisədə 293 baş artaraq 3648 baş olub. Foodinfo.az xəbər verir ki, bu barədə fins.az-a Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rasul Razaqov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötən il Zaqatala rayonu üzrə 3102 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 3648 baş cins tərkibi yaxşılaşdırılmış buzova görə 364 min 800 manat subsidiya ödənilib.
Sektor müdiri deyib ki, hazırda rayonun şəxsi və fermer təsərrüfatlarında 29 min 465 baş inək və düyə var. Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son illər Zaqatala rayonunda 20 min baş inək və düyə süni yolla mayalandırılıb. Həmin müddətdə süni mayalama yolu ilə alınan 8 min 944 baş cins tərkibi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 894 min 400 manat subsidiya ödənilib. Qurum rəsmisinin sözlərinə görə, süni mayalama tədbirlərinin həyata keçirilməsi nəticəsində yaxın 3-4 il ərzində rayonda olan mal-qaranın cins tərkibi tamamilə yaxşılaşdırılacaq.
Hazırda rayonda süni mayalama üzrə 12 mütəxəssis fəaliyyət göstərir.