Pandemiya dövründə pərakəndə satış müəssisələrində qida məhsullarının qəbulu və saxlanma qaydaları müzakirə olunub
Foodinfo.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə reallaşdırılan SOVQAT layihəsi çərçivəsində növbəti “Peşəkarlarla görüş” saatı keçirilib. Onlayn təşkil olunan görüşdə “Pandemiya dövründə pərakəndə satış müəssisələrində qida məhsullarının qəbulu və saxlanma qaydaları” mövzusu müzakirə olunub.
Seminarda pandemiya dövründə pərakəndə satış müəssisələrində qida məhsullarının qəbulu və saxlanma qaydaları ilə bağlı AQTİ mütəxəssisi Cavid Qurbanzadə iştirakçılara məlumat verib. Qida məhsullarının saxlanma müddətinə görə bir-birindən fərqləndiyini qeyd edən mütəxəssis, diqqəti qida məhsullarının daşınması qaydalarına yönəldib. O, daşınan məhsulun üzərinin markalanmasını, məhsul barədə dolğun etiket məlumatlarının mövcudluğunu, nəqliyyat vasitələrinin məhsulun daşınma qaydalarının tələblərinə cavab verməsini, müvafiq müşayətedici sənədlərin olmasını, habelə daşınma zamanı mal qonşuluğu qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.
Həmçinin xammal südün, ət və ət məhsullarının, balıq və dəniz məhsullarının, unlu və krem qənnadı məlumatların daşınma qaydaları barədə seminar iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, mal qəbulu zamanı daşınma vasitələri və mallara dair müşayətedici sənədlər nəzərdən keçirilməli, soyuq zəncirin qorunması ilə bağlı soyuducu və ya dondurucu vasitələrin temperatur rejiminə nəzarət olunmalıdır. Bundan başqa yeyinti məhsullarının orqanoleptik müayinəsi keçirilməli, qəbul edilən mallar saxlanma şəraitinə görə çeşidlənməli və malların müvafiq qaydada qeydiyyatı aparılmalıdır.
Təlim zamanı saxlanma kameralarında məhsulların saxlanma qaydaları və daxili izləniləbilmə sisteminin praktiki tətbiqi izah olunub, satış müəssisələrinin əməkdaşlarının sualları cavablandırılıb, qida təhlükəsizliyinin təmin olunmasında belə maarifləndirici seminar və görüşlərin təşkilinin vacibliyi ifadə olunub.
Qeyd edək ki, SOVQAT – Sahibkarlıq Obyektlərinə Vahid Qida təhlükəsizlik Anlayışının Tətbiqi layihəsinin əsas məqsədinin qida məhsullarının tarladan–süfrəyədək prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir.