Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsi ilə keyfiyyətsiz, istifadəyə yararsız balıqların kürüsünü satan şəxslər müəyyən ediliblər.
Foodinfo.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı vətəndaş Vasif Qurbanov və Əzim Ağayev saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlardan ümumilikə hər birinin çəkisi 70 qram olan 32 şüşə kürü aşkar edilərək götürülüb. Saxlanılan şəxslər keyfiyyətsiz kürüləri qablaşdıraraq yerli və keyfiyyətli məhsul kimi vətəndaşlara müxtəlif qiymətlərə satdıqlarını etiraf ediblər. Onların bu məqsədlə istifadə etdikləri obyektdən yararsız balıq məhsulları və kürülər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 200.1-ci ( İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.