Yüksək qan təzyiqi müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biri hesab olunur. 

Foodinfo.az xəbər verir ki, dərman müalicəsi ilə yanaşı düzgün seçilmiş bəzi içkilər qan təzyiqinin tənzimlənməsinə və aşağı salınmasına kömək edə bilər.

Çuğundur suyu nitratlarla zəngin olduğu üçün damarların genişlənməsinə şərait yaradır və qan dövranını yaxşılaşdırır. Araşdırmalar bu içkinin müntəzəm istifadəsinin sistolik təzyiqin azalmasına müsbət təsir göstərə biləcəyini ortaya qoyur.

Hipertoniya zamanı ən çox tövsiyə edilən içkilərdən biri də hibiskus çayıdır. Bu çayın diuretik təsiri olduğu, həmçinin qan təzyiqinin həm yuxarı, həm də aşağı göstəricilərini azaltmağa yardım etdiyi bildirilir.

Yaşıl çayın antioksidant tərkibi sayəsində damar sağlamlığını dəstəklədiyini və uzunmüddətli istifadədə qan təzyiqinin normallaşmasına kömək etdiyi vurğulanır.

Nar şirəsi isə damar elastikliyini artıran güclü antioksidant mənbəyi kimi önə çıxır. Lakin şəkər tərkibinə görə ölçülü içilməsi tövsiyə olunur.

Qan təzyiqinin tənzimlənməsində az yağlı süd və kefirin də rolu böyükdür. Kalsium və kaliumla zəngin olan bu içkilər damar tonusunun qorunmasına kömək edir. 

Bundan əlavə, limonlu ilıq su bədənin maye balansını qoruyaraq dolayı yolla təzyiqin sabitləşməsinə dəstək verir.

Qazlı və şəkərli içkilər, enerji içkiləri, həddindən artıq kofein və spirtli içkilər qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər və hipertoniya xəstələri tərəfindən məhdudlaşdırılmalıdır.

Davamlı hipertoniya problemi olan şəxslər həkim təyinatını əsas götürməli, sağlam qidalanma və aktiv həyat tərzi ilə birlikdə bu tövsiyələrdən yararlanmalıdırlar.