"Saçların tökülməsi əksər hallarda streslə əlaqədardır". Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, dermatoloq Mir-Riad Cavadzadə deyib. Onun sözlərinə görə, saç tökülməsinin və dırnaqların qırılmasının səbəbləri çoxdur: "Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan sonrakı dövrlərdə qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmamazlığını ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin antibiotiklərin həkim məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə bütün orqanizmə mənfi təsir göstərir". Nazirlik rəsmisi stres səbəbiylə yaranan dəri xəstəliklərini də açıqlayıb: "Payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində bu xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır. Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərinin patogenezlərində əhəmiyyətli bir rol oynayır. Qaşınan səpgiləri və nevrotik pozğunluqlar ilə xarakterizə olunur".