
Reabilitoloq, neyrofizioloq və biologiya elmləri namizədi Yuri Koryukalov xroniki stressin təkcə emosional gərginlik olmadığını, həm də əzələ kütləsinin artmasına ciddi maneə yaratdığını bildirib.
Foodinfo.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, əzələlər məşq zamanı deyil, məhz bərpa dövründə böyüyür. Lakin stress zamanı böyrəküstü vəziləri tərəfindən ifraz olunan kortizol hormonu enerjini səfərbər etsə də, əzələ zülalını parçalayaraq amin turşularına çevirir. Bu isə yeni zülal sintezini zəiflədir, testosteron və böyümə hormonunun səviyyəsini azaldır, yuxunu pozur və iltihabı artırır.
Nəticədə, ideal məşq və düzgün qidalanma rejiminə baxmayaraq, əzələlərin böyüməsi ləngiyir, uzunmüddətli stressdə isə əzələ kütləsinin itirilməsi mümkündür.
Koryukalov həmçinin əzələ artımını dəstəkləmək üçün bir sıra tövsiyələr verib:
hər gecə 7–9 saat qaranlıq və sakit şəraitdə, telefonsuz yuxu almaq;
düzgün tərtib edilmiş məşq rejimi – yüklənmədən uzaq, güc və bərpa günlərinin növbələnməsi;
balanslı qidalanma – kifayət qədər zülal, maqnezium, omega-3 və D vitamini qəbulu;
psixogigiyena – sosial şəbəkələrdən və toksik ünsiyyətdən uzaq durmaq, gün ərzində “sakitlik adaları” yaratmaq;
özünü nəzarətdə saxlamaq – yuxunun keyfiyyəti, enerji səviyyəsi və məşq istəyi üzərində müşahidə aparmaq.
Mütəxəssislər hesab edir ki, stressi idarə etmədən və düzgün bərpa prosesinə əməl etmədən gözlənilən nəticələri əldə etmək mümkün deyil.