Noyabrın 25-i 40 günlük körpəsini çətin nəfəs alma və qızdırma olduğuna görə 1 saylı Sumqayıt Uşaq xəstəxanasına çatdıran ailənin başına dəhşətli hadisələr gəlib.
Xəstəxanada normal müayinə üçün həkim tapılmır, körpələrə laqeyd münasibət bəslənirlir və ümumiyyətlə diaqnoz qoyulmayıb.
Foodinfo.az Medicina.az-a istinadla  xəbər verir ki, uşağın atası Kamran Ömərov xəstəxananın baş həkimi, bütün personalı və ümumilikdə başına gələnlərə görə xəstəxana və səhiyyədən şikayətçidir. Onun xəstəxanada yaşadıqlarını təqdim edirik:
“Uşağı xəstəxanaya çatdıranda elə səhlənkar, laqeyd yanaşdılar ki, sanki insan yox, pişik balası kimi atıblar ora.
Uşaq USM-dən keçməlidir, həkim tapılmır. Nəticədə uşağa nə olduğu naməlum qaldı. Nə pambıq, nə dərman tapılmırdı. Hamısını özümüz aldıq. Adi sistemlərlə yola verdilər.
4 gün sonra bazar gunu uşağın vəziyyəti ağırlaşdı, uşaq boğulurdu. Anası körpəni alıb, koridora çıxıb qaçır, qışqırır, nə həkim var, nə tibb bacısı.
Həkimə zəng etmişik, dediyinə görə guya kovidli xəstələrə baxır, ayrı yerdədir.
Güc-bəla, hay-küylə çağırtmışıq. O gələn kimi tapılmayan tibb bacıları ortaya çıxdılar. Həkim uşağın əldən getdiyini görüb, təcili qan lazım olduğunu dedi. Amma təcili yardım da, qan da yox idi. KOmendant poslarında vəziyyəti izah edə-edə vaxt itirə-itirə gedib qan almışıq.
Amma artıq gec idi. 12 saat əziyyət çəkən körpə dözmədi, dünyasını dəyişdi. Həkim də aradan çıxdı. Heç deyə bilmədi ki,uşağın diaqnozu nə idi, nədən öldü? Axırda nevroz yazdı.”
Ata bildirir ki, usağı ora aparıb etibar etdiyi üçün peşmandır. Bilsəydi, ayrı yerlərə aparardı.
“Uşağın səsi indiyə kimi qulağımdan çəkilmir. Pişik kimi səslə zarıyırdı, bilmirdik ki, can verir. Mən bilsəydim belə olacaq, deyərdim əziyyət çəkməsin, bir iynə vurun rahat getsin. Buna belə razı olardım.
Anası 2 dəfə orada bayıldı, müdaxilə edə bilmədilər, bir iynə, dərman yox idi.
Orda vəziyyət acınacaqlıdır. Uşaqlara insanlıqdan uzaq personal baxır. Rəsmi şikayət mənasızdır, ora-bura demişəm, yazmışam, baxmırlar.
Mənim övladım əziyyət çəkəcək heç nə etməmişdi. O, günahsız idi. O xəstəxanalar niyə fəaliyyət göstərir mən anlamıram. Sonradan bilənlər dedi ki, ay axmaq, heç ora da uşaq apararlar.
 
Körpələrinizi qoruyun. Təəssüf ki, səhiyyə sistemi bizi özəl klinikalara gedib, özəl həkimlərə müraciətə məcbur edir. Olan isə körpələrə, onların yazıq ata-anasına olur”.