Vitaminlər və BAD-lar( bioaktiv qida əlavələr) çoxları tərəfindən az qala bütün xəstəliklərin dərmanı kimi, həyati vacib preparat kimi qəbul edilir. Dərisini gənc saxlamaq istəyənlər, xərçəngdən qorxanlar, özündə halsızlıq hiss edənlər dərhal vitamin qarışımı alır. Özü də bahalısı yaxşısıdır deyib, BAD-lara külli miqdarda pullar xərclənir.
Lakin hələ də çoxu bilmir ki, vitamin qruplarının qəbulunun hansısa xəstəliyi sağaltması barədə nəticələrin çoxu özünü doğrultmayıb, hətta bəzi vitaminlərin əks təsirləri də var.
Hər il dünyada 36 milyardlıq vitamin satılır. Avropa və ABŞ əhalisi daha çox vitaminbazdır, nəinki MDB və digər ölkələr.
Həkim nəzarəti olmadan, insanın kefi istəyəndə qaydasız və nəzarətsiz vitamin içməsi çox risklidir.
Daily Mail yazır ki: "Qida əlavələri və vitamin kompleksləri tibbi araşdırmalarda heç vaxt əsas müalicə vasitəsi kimi önə çəkilməyib və əhalinin böyük hissəsi üçün elə də əhəmiyyətli deyil. Gündəlik və ilboyu vitamin içməyə alışmaq məsləhət deyil. Vitaminlər konkret qrup insanlara, hamilə və yaşlılara daha çox lazım olur”.
Polivitaminlər təhlükəli deyil, amma ciddi faydası da yoxdur.
Polivitaminlərin tərkibinə eyni vaxtda bir neçə qrup vitaminlər daxildir: məsələn B qrup vitaminləri, minerallar, A, C, E vitamini. Ekspertlər polivitaminlərin qəbulunun təhlükəsindən narahat deyil, çünki burda vitaminlərin dozası elə də yüksək deyil, sutkalıq dozaya uyğundur. Səhhətini sığortalamaq istəyənlər ürəkləri rahat olsun deyə qəbul edə bilərlər. Yalnız 2 araşdırmanın nəticəsi mövcuddur ki, orda polivitaminlərin qəfil ölüm səviyyəsini azaltdığını təsdiqlənir.
Bioəlavələr- tərkibində cəmi bir vitamin olan preparatlar indi daha populyardır. Xüsusən uşaqlar və kişilərə məsləhət olunur. Lakin ekspertlər məhz bunların səhhətimiz üçün riskli olduğunu düşünür.E vitamini – xərçəng əleyhinə, yoxsa xərçəng yaradıcı?
E vitamini immunitet qüvvətləndirici, dəri, gözlər, dırnaqlar üçün reklam olunur. Sutkalıq doza 1000 mq. Bu vitamin orqanizmdə sərbəst radikalları zərərsizləşdirmək gücünə malikdir. Bu da xərçəng yaradan hüceyrələri zərərsizləşdirmək deməkdir. E vitamini tərəvəzlərdə, bitki yağlarında, çərəzlərdə olur.
50-75 yaşlı qadınlara gündə 33 mq dozada qəbulu məsləhətdir. Doktor Menson hesab edir ki, orqanizmdə həddən artıq E vitamini olduqda hemorragik insult, ürək çatışmazlığı, prostat xərçəngi yarana bilər.
20 il əvvəl hesab olunurdu ki, bu vitamin kişiləri prostat xərçəngindən qoruya bilər. Lakin böpyük araşdırmalar göstərdi ki, profilaktika məqsədilə uzun müddət E vitamini qəbul edən kişilərdə bədxassəli şişlər daha çox rast gəlindi. Risk 17-20 % artırdı. Ona görə kişilərə ehtiyac olmadıqda profilaktika məqsədilə E vitamini qəbulu elə də məsləhət deyil.
Vitamin A – dozanı aşmaq təhlükəlidir
A vitamini reproduktiv orqanlar, görmə və immunitet üçün vacibdir.
Lakin onun böyük dozaları əsl problemlər yarada, hətta ölümcül ola bilər.
Arktikada belə bir hadisə olmuşdu: insanlar ölməmək üçün öz itlərini kəsib onların qaraciyərlərini yeyirdilər. Qaraciyər isə A vitamini ilə zəngindir. Bir müddət sonra həmin adamlarda toksiki zəhərlənmə baş verdi. ABŞ Sağlamlıq İnstitutu hamilələrə A vitaminindən uzaq durmağı məsləhət görür, bətndəki körpədə anadangəlmə qüsurlar yarada bilər.
C vitamini – faydası sual altındadır
ABŞ-lı həkim Tomas Berr hesab edir ki, bu vitaminin gündə 2500 mq-dan artıq olması mədə-bağırsaq sistemində pozuntular yaradır: diareya, spazmalar, ürəkbulanma, böyrəklərdə daş, O ki qaldı, qrip kimi viruslardan qorunma üçün bu vitamininin effektivliyi sübut olunmayıb.
Vitamin və minerallar dərmanlarla birgə fayda verər
Vitaminlərin xeyri barədə miflər o qədər populyardır ki, artıq aptekdən bir insan istədiyi qədər vitamin, BAD alıb, istədiyi qədər qəbul edə bilər. Bu işdə nəzarət yoxdur. Lakin xəstəlik varsa, həkim təyinatı ilə dərmanlarla yanaşı vitamin qəbulu razılaşdırıla bilər. Elə dərmanlar var ki, onlarla birgə vitamin qəbulu əks təsirlər verir.
Ekspertlər reklam və əlavələrin möcüzə yaratdığı barədə olunan reklamlara uymamağı məsləhət görür.
Ekspertlər hazırda vitaminlərin xərçəngin profilaktikasında rolunu öyrənir. Hələ ki, bu tam sübut olunmayıb. İnsanların vitaminlərə inandığı qədər əsaslı elmi əsaslar ortada yoxdur. (bakutibb.az)