Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına qida borusunun orta 1/3-də bədxassəli şiş aşkar edilmiş xəstə müraciət edib.

 

Xəstə professor Fariz Camalovun rəhbərliyi ilə əməliyyat olunub. Uğurla başa çatan əməliyyat zamanı xəstənin qida borusu döş qəfəsi daxilində aorta və traxeyadan ayrıldıqdan sonra mədədə süni qida borusu yaradılıb.

 

Professor F.Camalovun bildirdiyinə görə, xəstədə qida borusu boyun nahiyəsindən, yəni 6-7-ci fəqərə səviyyəsində kəsilib və xaric edilib. Əvəzinə isə süni düzəldilmiş qida borusu qoyulub: “5 saata yaxın çəkən əməliyyatdan sonra xəstə özünü normal hiss edir. Amma həkimlərin nəzarəti altındadır ki, əməliyyatdan sonra onda fistul, anastomoz çatışmazlığı və digər fəsadlar baş verməsin. Bizim tətbiq etdiyimiz üsulda (Oringer) süni qida borusu öndən boyun əzələlərinə, arxadan boyun fəqərələrinin ön fasiyasına fiksə edilir ki, bu da əməliyyatdan sonra anastomoz çatmamazlığı baş verərsə, bu zaman mediastinit kimi ağır fəsadın qarşısını tam alır”.

 

F.Camalov ölkəmizdə bu əməliyyat üsulunu 27 ildir tətbiq etdiklərini və bu müddət ərzində 120-dən yuxarı xəstə üzərində əməliyyat həyata keçirdiklərini qeyd edib. Bildirib ki, onların arasında əməliyyatdan sonra 18 il yaşayanlar olub.