Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə təhlükəli zərərvericilərdən sayılan Amerika ağ kəpənəyi haqqındadır.
Amerika ağ kəpənəyi meyvə-giləmeyvə, meşə, kol və yem bitkilərinin 250-dən artıq növünü zədələyərək ziyan vurur. Zərərvericinin ən əlverişli qidası tut, Amerika ağcaqayını, alma, armud, heyva, gavalı, gilas, qarağac, yunan qozu, palıd, çinar ağacının, üzüm və digər bitkilərin yarpaqlarıdır.
Qeyd edək ki, Amerika ağ kəpənəyi təhlükəli daxili karantin obyektidir. Əsasən Avropa, Şimali Amerika, Yaponiya, Asiya, Ukrayna, Rusiya Federasiyası, Türkiyə, İran və Gürcüstanda yayılmışdır. Azərbaycanda isə bu zərərvericiyə Abşeron yarımadasında, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında rast gəlinir. Son illər Bərdə rayonunda da yayılma ocaqları müşahidə edilmişdir.
Zərərvericinin kəpənəkləri ağ rəngdə olur. Erkək fərdlərin qanadları üzərində isə tünd qəhvəyi nöqtələr vardır. Qanadları açılan zaman kəpənəklərin uzunluğu 20-36 mm-ə, bədən uzunluğu 9-15 mm-ə çatır.
Dişilər yumurtaları əsasən ağac çətirlərinin kənarında yarpaqların alt səthinə topa halında qoyurlar. Yumurtadan çıxmış tırtıllar 1-2 saat sonra qidalanmağa və tor yuva qurmağa başlayırlar. Tırtıllar 7 yaş keçirirlər. Sonuncu yaşda olan tırtılların bədən uzunluğu 30-40 mm-dir və sıx tükcüklərlə örtülüdür. Havanın temperaturundan asılı olaraq tırtılların inkişafı 30-40 gündə başa çatır. Daha sonra tırtıllar gövdə qabıqları altında, oyuqlarda, kötüklərdə, divarların çatlarında, torpaqda və digər yerlərdə pup mərhələsinə keçir. Tırtıllar tərəfindən bitkilərin yarpaqlarının yeyilməsi onların zəifləməsinə və məhvinə səbəb olur. Tırtılların tükcükləri isə insanlarda allergik reaksiya yarada bilər.
Qeyd edək ki, zərərverici hava axını, kənd təsərrüfatı və sənaye mallarının daşınması zamanı yayılır. Yayılmanın qarşısının alınması üçün Amerika ağ kəpənəyinin yayıldığı ölkələrdən daxil olan xarici yüklər və nəqliyyat vasitələri diqqətlə karantin baxışından keçirilməlidir. Zərərverici aşkar edildikdə sənaye yükləri və nəqliyyat vasitəsi dərhal zərərsizləşdirilməlidir. Həmin ölkələrdən meyvələrin idxalı da xarici karantin qaydalarına uyğun həyata keçirilməlidir. Respublikamızda da Amerika ağ kəpənəyinin yayılma ehtimalı yüksək olan bölgələrdən ixrac zamanı fitosanitar müfəttişlər bitki və bitkiçilik məhsullarına karantin baxışı keçirirlər.
Xatırladaq ki, respublika ərazisində məhdud dairədə yayılsa da, daxili karantin tətbiq edilən zərərvericilərdən olan Amerika ağ kəpənəyinin aşkar olunduğu ərazilərdə (ilk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və digər yerlərdə) təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsinin təşkili üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müşahidə tədbirləri davam etdirilir.
Kəpənəklər sahələrə vizual baxış keçirilməsi yolu ilə aşkar edilir. Bunun üçün ayrı-ayrı budaqlara diqqətlə baxılmalı və budaqlar silkələnməlidir. Kəpənəkləri gecə işığa və ya ultrabənövşəyi tələyə cəlb etməklə də aşkar etmək mümkündür.
Zərərvericinin sayının maksimum azaldılması və aşkar olunmuş ocaqların təcrid edilməsi məqsədilə hər nəslin inkişaf dövründə 2 dəfə monitorinq aparılmalıdır. Tırtıllar inkişafın ilk mərhələsini budaqlar üzərində kiçik tor yuvalarda keçirdiyi üçün monitorinqlərin vaxtında aparılması çox vacibdir. Yaşayış məntəqələrindəki, çay ətrafındakı, su hövzələrindəki və meşə kənarındakı ağac növlərində tor yuvaları aşkar edildikdə budaqların həmin hissələri kəsilir, tırtıllar isə yandırılaraq, əzilərək və ya preparatlar çilənərək məhv edilir. Belə olan halda bütün sahənin dərmanlanmasına ehtiyac qalmır.
Yaşayış məntəqələrində və həyatyanı sahələrdə zərərvericiyə qarşı yalnız bakterial və hormonal preparatlar tətbiq edilə bilər. Unutmayın ki, insektisidlərlə, yaxud bakterial preparatlarla dərmanlanmış tut ağacının yarpaqları ilə ipəkqurdunun yemlənməsi qadağandır.
Təhlükəli karantin obyekti olan Amerika ağ kəpənəyindən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının budaqları məhv olmuş qabıqlardan təmizlənməli, bitki qalıqları toplanıb məhv edilməli, gövdələr əhənglənməlidir. Həmçinin meyvə bağları və həyətyanı sahələrdə ağac çətirləri altında torpaq bellənməli və ya şumlanmalıdır.
Xatırladaq ki, Amerika ağ kəpənəyinin ölkə ərazisində yayıldığı ərazilərdə, aşkarlanması ehtimal olunan yerlərdə aparılan müşahidələr, mübarizə tədbirləri, eləcə də bu təhlükəli zərərvericiyə qarşı bitkilərin mühafizəsi sahəsində fəaliyyət “Respublika ərazisində Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə milli fitosanitar məhdudlaşdırıcı və ləğvedici tədbirlər planı”na uyğun olaraq həyata keçirilir.
Amerika ağ kəpənəyinin yüksək yayılma qabiliyyətinə və çoxalma potensialına malik olduğunu nəzərə alaraq, yayılma ocaqlarının vaxtında aşkar edilib ləğv edilməsi, populyasiyasının minimum səviyyəyə endirilməsi məqsədilə təsərrüfatlarda zərərverici müşahidə edildiyi halda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və ya Agentliyin yerli qurumlarına məlumat verilməsi onunla mübarizədə səmərəliliyi artırar.