Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində silsilə tədbirləri davam etdirir. Agentlik tərəfindən 2019-2020-ci tədris ilindən etibarən təhsil, kənd təsərrüfatı və səhiyyə nazirlikləri ilə birgə “Məktəblilər üçün süd” pilot layihəsinə start veriləcək. Layihə çərçivəsində Sabunçu rayonu Pirşağı qəsəbəsi 305 nömrəli orta məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivi 29 və 32 saylı məktəblərdə valideynlərlə görüş keçirilib.
Görüşdə AQTA əməkdaşları iştirakçılara layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatlar çatdırıblar. Pilot layihəyə hazırlıq məqsədilə keçirilən görüşdə AQTA əməkdaşları tərəfindən valideynlərə südün istehlak qaydaları və insan orqanizmi üçün faydaları barədə məlumat verilib.
Bildirilib ki, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən vacib amillərdən biri də onların düzgün qidalanmasıdır. Qeyd olunub ki, gələcək nəsillərin sağlamlığının təmin edilməsi məqsədilə ölkəmizdə həyata keçiriləcək bu layihə ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək.
Sonda valideynlərin sualları cavablandırılıb və onlara övladlarının bu layihədə iştirakı ilə əlaqəli məlumatları özündə ehtiva edən vərəqələri təqdim olunub. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən layihədən öncə və sonra uşaqlardan qan nümunələri götürülərək qanda kalsium və D vitaminin miqdarının müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunması nəzərdə tutulub. Həmçinin südə həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə laktozaya həsasslığın təyin edilməsi planlaşdırılıb.
Qeyd edək ki, “Məktəblilər üçün süd" pilot layihəsinin əsas məqsədi uşaqlara südiçmə vərdişini aşılamaq, vitamin və mineral çatışmazlığından yarana biləcək problemlərini sağlam qidalanma ilə aradan qaldırmaq, onları sağlam qidalanma ilə bağlı maarifləndirmək, eyni zamanda məktəbliləri təzə süd ilə təmin etməkdir.
Son xəbərlər
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub