Foodinfo.az AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departmentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri tərəfindən hazırlanan elmi məqaləni təqdim edir.
Heyvan mənşəli məhsullar insanın qidasında xüsusi yer tutur. Heyvanların sağlam və gümrah olmaları keyfiyyətli ət və süd məhsulları əldə etməyə imkan verir.
Heyvanların rifahının qorunması onların sağlamlığına təsir edən əsas amillərdən biridir. Heyvan gümrahdırsa, yaxşı qidalanırsa, təhlükəsizdirsə, davranışı məxsus olduğu növə xasdırsa, qorxmursa, ağrı və digər streslərə məruz qalmırsa, bu, onların rifah halının əsas göstəricisidir. Heyvanlar yalnız məhsul “istehsalçıları” deyil, eyni zamanda iqtisadi və sosial problemlərin tənzimlənməsində əhəmiyyətli rolu olan canlı varlıqlardır. Odur ki, bütün hallarda heyvan rifahının qorunmasına diqqət yetirilməlidir. Xüsusilə də qida məhsulu əldə etmək məqsədilə yetişdirilən heyvanların təbii həyat tərzi təmin edilməli və fizioloji durumuna mənfi təsir göstərilmədən istismar olunmalıdır. İqtisadi inkişaf səviyyəsi, mədəniyyət və dini inanclar baxımından dünyanın müxtəlif ölkələrində heyvan rifahı anlayışına fərqli yanaşmalar mövcuddur. Artıq inkişaf etmiş ölkələrdə heyvanların rifah içərisində yetişdirilməsinə nail olunması üçün “Heyvan rifahı” konsepsiyası qəbul edilmişdir.
Bir sıra stres amilləri heyvan orqanizmində müdafiə funksiyasının oyanmasına səbəb olur. Həddən artıq isti və ya soyuğa məruzqalma, aclıq, yorğunluq, yüksək səs, hərəkətsizlik, qeyri-qənaətbəxş saxlanma şəraiti, birtərəfli və ya keyfiyyətsiz yemləmə, xəstəliklərə yoluxma, kobud rəftar və s. heyvanlarda stres yaradan amillərdir. Bu amillərin təsiri ilə heyvanlarda məhsuldarlıq göstəriciləri azalmaqla yanaşı, məhsulların keyfiyyətində də arzuolunmaz dəyişikliklər baş verir. Bu sıraya qanda konsentrasiyası artan adrenalin və noradrenalin hormonlarının təsirindən qlükoza və yağ turşularının orqanizmdə toplanması prosesinin, eləcə də zülal sintezinin pozulmasını, nəbzin artmasını, həzmin, fizioloji inkişafın və immun sisteminin zəifləməsini və s. aid etmək olar. Stres amilləri heyvanların balavermə qabiliyyətinə də mənfi təsir göstərir.
Havanın temperaturunun da heyvan rifahının pozulmasında rolu böyükdür. Temperatur kəskin şəkildə artdıqda heyvanlar bədən hərarətini çətinliklə nizamlasa da istilik stresi keçirirlər. Bu zaman boğaz heyvanlarda dölün inkişafının zəifləməsi və sağmal heyvanlarda süd məhsuldarlığının azalması müşahidə edilir. Laktasiya dövründə olan heyvanların orqanizmində istilik amillərinin təsiri ilə prolaktin hormonunun dinamikasında kataklizmlər (artma və ya azalma) baş verir. Bu da heyvanın fizioloji vəziyyətinin pozulmasına səbəb olur. Qeyd edək ki, laktasiyalı heyvanlar üçün ətraf mühitin optimal temperaturu +50 ~ +250 C təşkil edir.
Təsərrüfatda vahid sahədə saxlanılan heyvanların sayının çox olması da onlarda narahatlıq yaradır. Heyvanlar uzun müddət ayaq üstdə dayandıqda ətraf və dırnaq problemləri yarana bilir. Heyvanların sıx saxlanması isə onların ortaq istifadə etdiyi yem və su mənbələrində rəqabət yaradır. Belə şəraitdə heyvanlar yetərincə qidalana bilmirlər. Xüsusilə boğaz heyvanların saxlanma-bəslənmə şəraitinə diqqət yetirilməlidir. Sıx saxlanma şəraiti heyvanlar arasında xəstəliklərin yaranma və yayılma riskini də artırır. Bu da baş verə biləcək xəstəliklərin qarşısını almaq məqsədilə antibiotiklərin izafi istifadəsinə, həmçinin patogen bakteriyalarda antibiotiklərə qarşı rezistentliyin yaranmasına səbəb olur. İstifadə edilən antibiotiklər qalıq şəklində heyvan mənşəli qida məhsullarında toplanır ki, bu da insan sağlamlığı üçün təhlükə yaradır.
Heyvan orqanizmində əzələ fəaliyyəti üçün tələb olunan enerji əzələ şəkərinin (qlikogen) parçalanması hesabına təmin olunur. Kəsimə aparılan sağlam və dinc heyvanların əzələ toxumasında qlikogenin miqdarı yüksək olur. Heyvan kəsildikdən sonra qlikogenin süd turşusuna çevrilməsi ilə ətin yetişməsi prosesi baş verir. Bu səbəbdən də ət dadlı, yumşaq, keyfiyyətli və parlaq rəngli olur. Kəsimdən əvvəl və kəsim zamanı heyvan stres amillərinə məruz qaldığı halda qlikogenin və süd turşusunun əmələgəlmə prosesi pozulduğundan ətin keyfiyyəti aşağı düşür. Müəyyən edilmişdir ki, stresə məruz qalmış heyvanlardan əldə olunan ət məhsulunda 18-24 saat ərzində soyudulduqda iki əsas qüsur - PSE (Pale, Soft, Exudative - Solğun, Yumşaq, Eksudativ ət teksturası) və DFD (Dark, Firm, Dry - Tünd, Sərt, Quru ət teksturası) meydana çıxır. Odur ki, keyfiyyətli ət istehsalına nail olmaq üçün kəsimə gətirilən heyvanlarla humanist davranılmalıdır. Heyvanların nəqliyyat vasitələrinə yüklənməsi, daşınması, boşaldılması və kəsimi zamanı onlarla kobud davranılmamalı və kəsimdən əvvəl dincəlməsi təmin edilməlidir. Tədqiqat işləri ilə sübuta yetirilmişdir ki, heyvana kəsimdən əvvəl dinclik verilməsi əzələdəki qlikogenin konsentrasiyasının məqbul səviyyədə olmasına və dehidratasiyanın (susuzlaşma) azalmasına müsbət təsir edir.
Təhlükəsiz və sağlam qida məhsullarının əldə edilməsi üçün kənd təsərrüfatı heyvanlarının rifahının təmin olunmasında bir sıra amillər mütləq nəzərə alınmalıdır. Xüsusən də heyvanların yem və su ilə kifayət qədər təminatı, düzgün saxlanılma və bəslənilmə şəraiti, həmçinin xəstəliklərdən və zədələnmələrdən, digər stres yaradan amillərdən qorunması vacibdir. Beləliklə, yalnız rifahı təmin edilməklə sağlam heyvan yetişdirilməsinə nail olmaq mümkündür. Əhalinin təhlükəsiz və keyfiyyətli heyvan mənşəli qida məhsulları ilə təmin olunmasında isə heyvan sağlamlığı əsas şərtdir.