Salyan rayonunda meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana rəhbərləri ilə görüş keçirilib. Salyan rayon İcra Hakimiyyətində baş tutan görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və meyvə-tərəvəz istehsalı ilə məşğul olan 50-yə yaxın istixana sahibi iştirak edib.
Foodinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün bütün şərait yaradılıb. Sevindik Hətəmov görüşdə iştirak edən sahibkarları fəal olmağa və qarşılaşdıqları çətinliklər barədə məlumat verməyə çağırıb.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. 2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında veriləcək. Yeni susidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.
Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqi prinsiplərini rəhbər tutduğunu deyən nazir müavini aqrar sahədə çalışanlara hərtərəfli dəstəyin davamlı olacağını vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sahibkarların maraqlarını təmsil etmək, sahibkarların rastlaşdıqları problemlərin həllində onlara köməklik göstərməkdir.
Daha sonra meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Görüşdə çıxış edən sahibkarlar borclarla bağlı güzəştlərin tətbiq olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, bu, artıq istixana sahibləri ilə 3-cü görüşdür, bundan öncə Şəmkir rayonu və Bakı şəhərinin Xəzər rayonunda müzakirələr aparılıb. Görüşdə sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərin “Azəriqaz” İB-nin öz hesabına yerinə yetiriləcəyi bildirilib, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli üçün elə yerindəcə tapşırıqlar verilib.
Tədbirdə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Sahibkarların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermer və sahibkarların məlumatlandırılacağı bildirilib.
Nurlan
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər