Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək “Nargis” jurnalı ilə birgə “Zero Waste Project by Nargis – 2024” (Sıfır Tullantı - 2024) layihəsi çərçivəsində baş sponsor kimi əhəmiyyətli bir addım atıb. Bu əməkdaşlıq çərçivəsində "Veysəloğlu" tullantıların azaldılması və ekoloji maarifləndirmə tədbirlərinə dəstək göstərərək, ətraf mühitin qorunması istiqamətində yeni səhifə açıb. Layihə çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları könüllü olaraq Bakı şəhərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan silsilə iməcilik aksiyalarında fəal iştirak ediblər.

Tədbirin unikallığı ondan ibarətdir ki, toplanan tullantıların təkrar emalı həyata keçirilib və bu tullantılardan eko-mebellər hazırlanıb. Hazırlanan bu innovativ eko-mebellər COP29 tədbiri çərçivəsində "Yaşıl Zona"da nümayiş etdirilib. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir. Layihənin əsas diqqətçəkən nümunələrindən biri isə Veysəloğlu Şirkətlər Qrupunun hazırladığı “Eko-Mebel” olub. Sözügedən “Eko-Mebel” tullantıların səmərəli şəkildə istifadə edilməsinin və yaşıl iqtisadiyyata töhfə verə biləcək funksional, sağlam və estetik əşyaların hazırlanmasının mümkünlüyünü nümayiş etdirdi.

Layihə həmçinin, təkrar emalın ətraf mühitin qorunmasında və resursların davamlı istifadəsindəki mühüm rolunu vurğulamaqla yanaşı, cəmiyyətin ekoloji maarifləndirilməsinə xidmət edir. COP29 stendində nümayiş olunan eko-mebellərlə yanaşı, layihəyə qoşulan şirkətlərin 2024-cü ildə yaşıl iqtisadiyyata töhfə verən ekoloji təşəbbüsləri də ziyarətçilərə təqdim olunub. Bu təşəbbüslər çərçivəsində “Nargis” jurnalının COP29 üçün hazırladığı xüsusi buraxılışda Veysəloğlu Şirkətlər Qrupunun ekoloji layihələrinə xüsusi yer ayrılıb. Jurnal ziyarətçilər arasında geniş yayılmaqla layihənin məqsəd və mesajlarını daha geniş auditoriyaya çatdırmış oldu.

30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri olaraq “Yaşıl İqtisadiyyat”a dəstək göstərir. Şirkətlər Qrupu, davamlı inkişafa sadiq qalaraq, ekoloji məsuliyyət və resursların effektiv idarə olunması sahəsində nümunəvi fəaliyyətini genişləndirməyə davam edir.