Veysəloğlu Şirkətlər Qrupunun prioritetlərindən biri olan qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçılara sağlam məhsulların təqdim olunması məqsədilə, Azərbaycanın aparıcı pərakəndə ticarət şəbəkələri olan "ARAZ" və "OBA" ilə əməkdaşlıq edən, kərə yağı və süd məhsullarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarlarla “Əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektivləri və qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri” mövzusunda növbəti məhsuldar işçi görüş keçirilib.

Görüşdə çıxış edən Qrup CEO-nun qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə 2024-cü il ərzində şirkətin bu sahədə əməkdaşlıq etdiyi tədarükçülərdə aparılmış auditlərin nəticələri, aşkar edilmiş uyğunsuzluqların mahiyyəti, səbəbləri və onların həlli yolları, həmçinin laborator müayinələrə cəlb olunmuş kərə yağı və süd məhsullarının sınaq nəticələri, eləcə də müştəri şikayətlərinin əsas istiqamətləri barədə geniş təhlil təqdim edib.

Görüş çərçivəsində iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda yer alan yeni tələblər bir daha izah edilib. Bildirilib ki, qanunun 16.2-ci və 19.3-cü maddələrinə əsasən, qida məhsullarının istehsalı və emalı ilə məşğul olan subyektlər öz obyektlərində təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət sistemini (HACCP) tətbiq etməli və daxili nəzarət sisteminə malik olmalıdırlar. Qanunun 38.6-cı maddəsinə əsasən, kiçik və orta sahibkarlıq subyektləri üçün HACCP sisteminin tətbiqi 2026-cı il mayın 5-dən etibarən məcburi olacaq.

Görüşdə məhsul etiketlərindəki uyğunsuzluqların aradan qaldırılması, onların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. İstehlakçının aldanmasının və ya çaşdırılmasının qarşısını almaq, eləcə də insan sağlamlığına zərər vura biləcək riskləri minimuma endirmək məqsədilə nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Müzakirələr qarşılıqlı əməkdaşlıq ruhunda keçib. Yerli istehsalçılarla birgə daha sağlam, təhlükəsiz və etibarlı qida sisteminin qurulması istiqamətində konkret addımlar müəyyən edilib.

Görüşün sonunda kərə yağı və süd məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.