Satış müəssisələrində açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid olunmalı və bu məhsulların yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməlidir.
Foodinfo.az-ın xəbərinə görə, bunu Trend-in sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.
Agentlikdən qeyd edilib ki, ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə əsasən qablaşdırılmamış məhsullara əl ilə toxunmaq yolverilməzdir.
Metodiki göstərişlərin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən mütəmadi olaraq ərzaq satışı müəssisələrində monitorinqlər keçirilir. Monitorinqlər çərçivəsində sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilir, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilir. Həmçinin metodiki göstərişlərin tələblərinin pozulması halları aşkarlanarsa, bununla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülür:
- "Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Vətəndaşların satış müəssisələrində çörək-bulka, unlu-qənnadı məmulatlarının qaydalara uyğun satılmaması ilə bağlı şikayətləri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər".