Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentliyin Gəncə regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Müseyib Bağırov 59 ünvanında fəaliyyət göstərən fiziki şəxs Qədimov Kamran Habil oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisənin xammal anbarına baxış zamanı zərərverici izlərinə rast gəlindiyi, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
[gallery ids="41718,41719"]