Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Agentliyin rəhbər heyəti və Vətən Müharibəsinin iştirakçıları iştirak ediblər.
Foodinfo.az xəbər verir ki, AQTA sədri Qoşqar Təhməzli bildirib ki, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində qələbə ilə başa çatmış Vətən müharibəsi, əsgər və zabitlərimizin şücaəti, Anım Gününü və 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.