Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Axadbek Haydarovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

Foodinfo.az xəbər verir ki, AQTA-da keçirilən görüşdə Agentlik sədrinin müavini Balarəhim Quliyev ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Eyni zamanda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları qonaqların diqqətinə çatdırıb. Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, respublikamızda bu sahədə əldə olunan müsbət təcrübə qonaqlarla bölüşülüb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AQTA-dan sonra Özbəkistan nümayəndə heyəti ilə AQTİ-də görüş təşkil edilib. Görüşdə nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyaların əhəmiyyəti vurğulanıb. Qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyaların maddi-texniki bazasının modernləşdirilməsi, həmçinin kadr potensialının gücləndirilməsi istiqamətində davamlı olaraq tədbirlərin həyata keçirildiyi bildirilib. Görüş zamanı əməkdaşlıq məsələlərinə də diqqət yetirilib.  

Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.