Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Mərasimdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Foodinfo.az xəbər verir ki, tədbirdə çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. XX əsrin dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisənin məqsədli şəkildə həyata keçirildiyini, yüzlərlə Xocalı sakininin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.

Z.Mustafayeva həmçinin Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, 1994-cü ildə Ulu Öndərin Xocalı faciəsi ilə əlaqədar xüsusi fərman imzaladığını qeyd edib. Eyni zamanda bildirib ki, bu gün Azərbaycan dövlətinin tarixi ədalətin bərpası istiqamətində apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə təşkil olunan tədbirlər, o cümlədən Heydər Əlyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarların əsl simasının açılmasında önəmli rol oynayır.

Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub.