Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Qida sahəsində istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin edilməsi” istiqamətində Bakının Binəqədi rayonunda Ağsaqqallar şurası və məhəllə komitələrinin üzvləri ilə görüş keçirib. Agentlikdən Foodinfo.az-a daxil olan məlumata görə, görüşdə bildirilib ki, AQTA istehlakçıların hüquqlarının müdafiəsi sahəsində “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsullarının bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir. Qeyd edilib ki, ictimayyət nümayəndələri də qida təhlükəsizliyinin təmin edilməsi sahəsində Agentliklə birgə addımlamalıdır. Agentliyin Bakı regional bölməsinin rəisi Zaur Kərimov ət kəsimi və satışı məntəqələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanmış uyğunsuzluqlar və qanunsuz küçə kəsimi nəticəsində baytar-sanitar ekspertizadan keçməyən heyvanlarda və heyvan mənşəli məhsullarda olan, insana keçən xüsusi təhlükəli və yoluxucu xəstəliklər barədə təqdimatla çıxış edib. Sonra ticarət şəbəkələrində aparılan dövlət nəzarəti və monitorinqlər zamanı müəssisələrin ümumi sanitar vəziyyəti və aşkarlanmış markalanmaya dair tələblər və mal qonşuluğu pozulmuş, temperatur rejiminə əməl edilməmiş, etiketi saxtalaşdırılmış, müddəti əsassız yazılmış və mənşəyi məlum olmayan məhsullar barədə məlumat verilib. Tədbir iştirakçılarına normativ hüquqi sənədlərin tələblərinə cavab verməyən məhsulların məhv edilməsinə dair məlumatlar paylanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.