Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə ictimai iaşə obyektlərinin rəhbərləri tərəfindən daxili qaydada təyin olunmuş məsul şəxslər arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə respublika üzrə 100-ə yaxın məsul şəxs iştirak edib.
Foodinfo.az xəbər verir ki, iclas zamanı Agentliyin şöbə müdiri Əkbər Əliyev yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsinin zəruriliyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılması, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlərin təşkili məsul şəxslərin vəzifələrindəndir, ictimai iaşə müəssisələrinə təyin olunan məsul şəxslər bütün təmizlik və dezinfeksiya tədbirlərinin ardıcıl olaraq qeydiyyatının aparılması üçün gündəlik nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir. Diqqətə çatdırılıb ki, məsul şəxslər barədə müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət olunur, monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyəti barədə qanunnvericiliyə uyğun tədbirlər görülür.
Daha sonra təyin edilmiş məsul şəxlərin gördüyü işlər barədə hesabatlar dinlənilib, onların sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb, bu görüşlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, ictimai iaşə obyektləri tərəfindən nəzarət üzrə məsul şəxs təyin edilməli və həmin şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim edilməlidir. Belə ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
[gallery ids="34308,34309,34310"]