Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Agentliyin fitosanitar müfəttişləri tərəfindən regionlarda yerləşən pomidor şitilxanalarında bitkilər üçün təhlükəli olan pomidor meyvələrinin qonur qırışıqlığı virusu (“Tomato brown rugose fruit virus”), pepino mozaika virusu və pomidorun bürünclülük viruslarının aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin aparılması məqsədilə növbəti fitosanitar müşahidələr aparılıb. Müayinələrin aparılması üçün şitillərdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Monitorinqlər zamanı təsərrüfat sahiblərinə şitilxanalarda və pomidor təsərrüfatlarında sanitariya-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı müvafiq tövsiyələr və təlimatlar verilib.