“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, jurnalist Elçin Bayramlı mətbuata müsahibəsində Azərbaycanda “tərəvəzlərin 100 %-i, meyvələrin isə 50 %-dən çoxu GMO-dur” fikrini işlədib. Foodinfo.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi jurnalistin bu ittihamlarına cavab verib. Agentliyin rəsmisi Aysel Feyziyeva "Facebook" hesabında iddalara cavab olaraq bildirib ki, dünyada cəmi 30 adda GMO məhsulu var və bu məhsullar ABŞ, Yaponiya, Avropa Birliyi və bir sıra ölkələr tərəfindən istehsal edilir. GMO məhsuların təqribən 90%-i iqtisadi əhəmiyyətə malik olan yem və texniki bitkilərdir. Meyvə və tərəvəzlərdən yalnız pomidor, badımcan və almaya biotexnoloji metod tətbiq edilir. "Elçin Bayramlı iddia edir ki, guya ölkədə 1 ilə yetişən qoz tingləri mövcuddur və hamısı GMO-dur. Amma bu məlumatın da heç bir elmi əsası yoxdur. Hətta qozun dünyada geninin dəyişdirilməsi təcrübəsi belə mövcud deyil. Mediaya bu mövuzda şərh verən iqtisadçı düşünmür və ya bilmirmi ki, bir GMO məhsulunun istehsalı yüz milyonlarla dollar vəsait tələb edir? Ona görə də bazarda ciddi ehtiyac duyulmayan bir məhsulun GMO üsulu ilə yetişdirilməsi və artırılması nə ölkə, nə də biotexnoloji şirkətlər üçün sərfəli deyil." AQTA rəsmisi Elçin Bayramlının dünyada min illərdir aparılan genetik seleksiya metodu ilə yeni bitkinin alınmasından ümumiyyətlə heç xəbəri olmadığını qeyd edir. "Ümumi mətnlərin içinə, “GMO”, transgen kimi terminləri yerləşdirərək cəmiyyətin diqqətini çəkməyə çalışan amma verdiyi məlumatların heç bir elmi istinadı olmayan ekspertin diqqətinə çatdıraq ki, bir şəxsin bir neçə mövzuda ekspert rəyi verməsi doğru deyil. Fitosanitar, baytarlıq və qida məhsulları nəzarəti bir-birindən ayrı mütəxəssislər tərəfindən dəyərləndirilməli olan məsələlərdir. Eyni zamanda hər hansı bir mövzuda açıqlama verərkən ümumiləşdirmə etmək də peşəkarlığa ziddir. Bu tip qeyri-peşəkar açıqlamalar cəmiyyətimizdə yanlış fikirlər yarada bilər." AQTA rəsmisi qida ilə bağlı yanlış informasiyalar verən şəxslərə də səsələnib. "Bundan sonra dediyi fikirdə fakta əsaslanmayan, qeyri-peşəkar bəyanatlar səsləndirən “qida ekspert”lərini sosial şəbəkələrdə elə söylədikləri əsassız fikirləri göstərməklə ifşa edəcəyik. Hər kəs, xüsusilə özünü ekspert adlandıran şəxslər səsləndirdikləri fikirlərin məsuliyyətini dərk etməlidirlər." Nurlan