Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti İtaliyaya işgüzar səfəri çərçivəsində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) baş direktoru Monik Elua ilə görüşüb.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə ÜHST-nin baş direktoru Monika Elua Azərbaycanda heyvan sağlamlığı və baytarlıq xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən baytarlıq sistemində beynəlxalq standartların təmin olunması ilə bağlı görülən işləri yüksək dəyərləndirərək birgə fəaliyyətin qarşıdakı illərdə də öz töhfəsini verəcəyinə əminliyini bildirib. Baş direktor respublikamızın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusunun təsdiqlənməsi ilə bağlı ÜHST-ə təqdim edilmiş hesabatın təşkilatın aidiyyatı qurumlarında baxıldığını diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən AQTA-nın sədr müavini Rəşad Mafusov Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazisində dabaq xəstəliyindən azad zonanın yaradılması təşəbbüsü barədə məlumat verib. Bildirib ki, işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişaf etdirilməsi üçün əlverişli potensiala malikdir. Hazırda bu ərazilərdə geniş quruculuq işlərinin aparıldığını diqqətə çatdıran AQTA-nın sədr müavini bildirib ki, burada ciddi nəzarət mexanizmləri tətbiq olunur və sözügedən ərazidə azad zonanın daha sürətlə formalaşdırılması qarşıya məqsəd kimi qoyulub.
Müzakirələr zamanı quduzluq, nodulyar dermatit, dabaq və xırdabuynuzlu heyvanların taunu xəstəliyinin respublikamız üçün aktual olduğu vurğulanıb.
Səfər çərçivəsində ÜHST-nin təşkilatçılığı ilə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən mövzularda beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi barədə təklif Monik Elua tərəfindən razılıqla qarşılanıb və bu istiqamətdə işlərin aparılacağını bildirib.
[gallery ids="50695,50696"]