Bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, ölkə ərazisində bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, bu xüsusda təhlükəsizlik qaydalarına əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirilir. AQTA və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən birgə keçirilən monitorinqlər çərçivəsində indiyə kimi 162 satış yerinə baxış keçirilib. Bu obyektlərdən 55-i pestisid, 91-i aqrokimyəvi maddə olmaqla, ümumilikdə 146 nümunə götürülərək keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına göndərilib. Sınağı tamamlanmış 96 preparatın 3-nün tərkibinin etiketindəki göstəricilərlə uyğun olmadığı müəyyən edilib. Digər 50 nümunənin analizi isə davam edir. Uyğunsuzluq aşkarlanan preparatlar dövriyyədən çıxarılaraq möhürlənib və sahibkarlar onların toxunulmazlığının təmin edilməsi ilə əlaqədar təlimatlandırılıblar. İstifadəyə yararsız hesab olunan preparatların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı Agentlik tərəfindən müvafiq qərar qəbul ediləcək. AQTA bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı ilə məşğul olan sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.