Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı fiziki şəxs Həsənov Əli Tahir oğluna məxsus 90LH732 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobilin salon və yük hissəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl olunmadan, antisanitar şəraitdə müvafiq baytarlıq sənədləri olmayan ümumi çəkisi 300 kiloqrama yaxın ət və sub məhsullarının daşınmasının həyata keçirildiyi aşkarlanıb. Daşınma zamanı temperatur rejiminə riayət olunmadığı, eyni zamanda avtomobilin salon hissəsində ət, sub məhsullarının yanaşı və müxtəlif təyinatlı təsərrüfat torbalarına yığıldığı müşahidə edilib. Ekspertizasının aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.