Qida məhsullarının ölkəyə idxalı və laborator müayinəsi media nümayəndələrinə əyani şəkildə nümayiş etdirilib
Ölkəmizə idxal olunan bütün qida məhsulları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən risk əsaslı nəzarətə cəlb edilir. Yalnız təhlükəsizlik göstəriciləri uyğun olan məhsulların sərbəst ticarət dövriyyəsinə buraxılmasına icazə verilir. Məqsəd ölkəyə idxal edilən qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin təmin edilməsi, əhalinin sağlamlığının qorunmasıdır.
Yeyinti məhsullarını ölkəyə idxal etmək istəyən sahibkarlar ilk növbədə qida təhlükəsizliyi sertifikatı almaq üçün Agentliyə müraciət edirlər.
Oktyabrın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün infotur təşkil edib. Jurnalistlərin iştirakı ilə məhsul gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və AQTA əməkdaşları tərəfindən məhsullara birgə baxış keçirilib, onların idxal prosesi media nümayəndələri ilə birgə izlənilib.
Məlumat verilib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Burada 3 meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır. Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir.
Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur.
Ümumiyyətlə, AQTİ-nin laboratoriyaları müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunub ki, bu avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir. Eyni zamanda qida məhsullarında aqrokimyəvi maddələr, preparatlar, vaksinlər və pestisidlərin qalıq miqdarının sınaqları beynəlxalq tələblərə uyğun həssaslıq və dəqiqliklə həyata keçirilir.
Laboratoriyada qida məhsullarının mikrobioloji və molekulyar bioloji göstəriciləri ən yeni texnologiya olan Real Zamanlı Polimeraza Zəncirvari Reaksiya cihazında yoxlanılır.
Bütün bunlar əhalinin sağlamlığının qorunması, yalnız keyfiyyətli və təhlükəsiz qida məhsullarının idxal edilməsi, eləcə də ölkədə istehsal olunan məhsulların ixrac potensialının yüksəlməsinə imkan verir.
Media nümayəndələri ilə keçirilən infotur çərçivəsində AQTA və AQTİ tərəfindən qida məhsullarının idxal prosesi haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı