Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, həmçinin alkoqollu içkilərin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, tədbir alkoqollu içkilərin istehsalı və idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, işlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və təkliflər üzrə müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi, o cümlədən alkoqollu içkilərin istehsalı və idxalı sahəsində həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib. Bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının ölkəyə idxalı ilə bağlı tələblərdə dəyişikliklər edilib. Qanun bir çox beynəlxalq qaydaların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış formalaşdırıb. Ümumilikdə bu qanun istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib. Q.Təhməzli qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən lazımi tədbirlərin görülməsinin və onların işlərini müasir tələblərə və qaydalara uyğunlaşdırmasının zəruriliyini diqqətə çatdırıb. AQTA sədri eyni zamanda təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini vurğulayıb. Alkoqollu içkilərin istehsalı ilə məşğul olan müəssisələrin AQTİ tərəfindən təşkil ediləcək səriştəlilik sınaqlarına qatılmasının zəruri olduğunu bildirib.
Tədbirdə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov AQTA tərəfindən görülən işlərdən danışıb və bu sahənin inkişafına verdiyi dəstəyə görə Agentliyə minnətdarlığını ifadə edib.
Görüşdə ölkə ərazisində fəaliyyət göstərən alkoqollu içkilərin istehsalı müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə də məlumat verilib. Bildirilib ki, 2022-ci il ərzində 15-i planlı, 10-u plandankənar olmaqla, ümumilikdə ölkə ərazisində fəaliyyət göstərən 25 alkoqollu içkilərin istehsalı müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 19 müəssisədə nöqsan aşkar edilib. Eyni zamanda ötən il alkoqollu içkilərlə bağlı 65 vətəndaş şikayəti daxil olub ki, bunlardan 35-i təsdiqini tapıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 8 alkoqollu içkilərin istehsalı müəssisəsində istehsalın dayandırılması, məhsul partiyasının satışının dayandırılması və dövriyyədən çıxarılması, məhsul istehsalının qadağan olunması, iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərarlar verilib. 18 istehsalçı müəssisənin vəzifəli şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb. Eyni zamanda vurğulanıb ki, 01.11.2022-28.02.2023-cü il tarixləri arasında 1833 ticarət və 824 ictimai iaşə müəssisəsində monitorinq aparılıb. Bu monitorinqlər zamanı 23-ü ticarət və 7-si ictimai iaşə müəssissəsi olmaqla, 30 qida obyektində alkoqollu içkilərlə bağlı şübhə yarandığı üçün nəzarət tədbirləri həyata keçirilib. Ümumilikdə müxtəlif növ əmtəə nişanlı 715 ədəd saxta alkoqollu içkilər aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, həmin məhsullar satışdan kənarlaşdırılıb. 10 qida obyekti barədə məlumatlar hüquq mühafizə orqanına göndərilib. 17 obyektin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Digər obyektlər barədə məlumatların da hüquq mühafizə orqanına göndərilməsi nəzərdə tutulub. 5 qida obyektinin vəzifəli şəxsləri barəsində isə cinayət işi başlanıb. Həmçinin qeyd olunub ki, 2023-cü il ərzində 53 müxtəlif növ alkoqollu içkilərin istehsalı müəssisəsində planlı yoxlamaların keçirilməsi nəzərdə tutulub.
Tədbirin sonunda sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.