Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zaqatala rayonunda fındıq ixracatçıları ilə görüş keçirib. Görüşdə Q.Təhməzli hazırda ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları arasında fındığın əhəmiyyətli yer tutduğunu qeyd edib. Bildirib ki, AQTA fəaliyyətə başladığı ilk gündən ixrac olunan fındıq məhsullarına nəzarəti daha da gücləndirib və bu sahədə ardıcıl tədbirlər həyata keçirib. Görülmüş tədbirlər nəticəsində ölkəmizdən Avropa İttifaqına ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, son illərdə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində, eyni zamanda bitkiçilik məhsullarının istehsalı və ixracı ilə bağlı görülən işləri yüksək qiymətləndirən Peter Mixalko bitkiçilik məhsullarının istehsalının, emalının və ixracının beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini sahibkarların diqqətinə çatdırıb. Qeyd edib ki, Azərbaycan keyfiyyətli fındıq istehsalında dünyada seçilən ölkələrdən biridir. Görüş zamanı fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı müzakirə olunub, sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, məhsullar qabaqcıl təcrübəyə uyğun istehsal edilmədikdə, vaxtında yığımı həyata keçirilmədikdə, müvafiq temperaturda qurudulmadıqda, çeşidləmə məqsədilə müasir texnologiyalardan istifadə edilmədikdə və s. hallarda aflatoksin yarana bilir. Odur ki, beynəlxalq standartlara cavab verən təhlükəsiz məhsul istehsalına nail olmaq, aflatoksinin miqdarının yolverilən həddi keçməsinin qarşısını almaq üçün sahibkarlar məhsulun mövsümündə yığımının həyata keçirilməsi, saxlanması, emalı və çeşidlənməsi qaydalarına əməl etməlidirlər. Tədbirdə AQTA sədri fındıq ixracatçıları ilə sıx əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini, Agentlik tərəfindən maarifləndirici görüş və tədbirlərin təşkil olunacağını və onlara bütün zəruri metodiki köməkliyin göstəriləcəyini vurğulayıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. [gallery ids="50201,50202,50203"]