Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin işçilərin peşəkarlığının yüksəldilməsi, müayinə nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Foodinfo.az xəbər verir ki, AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiq istiqamətində maddi-texniki baza mütəmadi olaraq zənginləşdirilir, kadrların səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency test) sınaqlarında iştirakı təmin edilir.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyasında istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir. Laboratoriyada həm insanlar, həm də heyvanlar üçün təhlükəli hesab edilən yoluxucu xəstəliklərdən olan bruselyozun təyin olunması üçün molekulyar genetik diaqnostikası PZR (polimer zəncirvari reaksiya) metodundan, ELISA müayinə metodundan, Rose-bengal sınağı və süd-həlqə reaksiyası metodlarından istifadə edilir. Bu sahədə müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün laboratoriya mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası dəfələrlə İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hollandiya, Cənubi Afrika, Yeni Zelandiya, BƏƏ, ABŞ, Norveç, Böyük Britaniya, Braziliya, Portuqaliya, Rusiya, Avstraliya kimi ölkələrin də iştirak etdiyi səriştəlik test proqramında laboratoriya bruselyoz xəstəliyinin PZR və ELİSA metodları üzrə həyata keçirdiyi müayinələr üzrə yüksək nəticələr əldə edib.
[gallery ids="32430,32429,32428"]