Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, Həmzə Babaşov küçəsi 6A ünvanında fəaliyyət göstərən hüquqi şəxs “Ceremony Hall” QSC-yə məxsus yas mərasimi evində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub. Belə ki, müəssisədə məhsulların saxlanması zamanı temperatur rejiminin pozulduğu,  quru anbar sahələrindən keçən kanalizasiya borularının izolyasiya edilmədiyi, müəssisədə çirkli qabların yuyulması və soyuq qəlyanaltıların hazırlanmasının eyni sahədə həyata keçirildiyi, vaxtlı-vaxtında dezinfeksiya işlərinin həyata keçirilmədiyi və digər nöqsanlar aşkar olunub. Müəssisədə hazırlanan qidalardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.