Balıqçılıq təsərrüfatlarının qurulması, avadanlıqlarla təchiz edilməsi, istismarı və bu təsərrüfatlarda sanitariya rejiminə əməl olunması xüsusi qaydalar əsasında həyata keçirilməlidir.
Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Elmi Araşdırmalar Mərkəzi” departamentinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi Yusif Babayev tərəfindən hazırlanan məqaləni təqdim edir:
Balıqçılıq təsərrüfatlarının səmərəli fəaliyyətini təmin etmək üçün ilk növbədə layihələndirmə ilə bağlı tələblərə əməl olunmalıdır. Belə ki, digər balıqların daxil olmasının və infeksion xəstəliklərin qarşısını almaq üçün bu təsərrüfatlardakı bütün su hövzələri müstəqil su mənbəyinə və hidrotexniki qurğulara malik olmalıdır. Təsərrüfatlarda xəstə balıqlar aşkar edildikdə onların təcrid olunması, həmçinin digər təsərrüfatlardan gətirilmiş balıqlarda xəstəlik riskinin araşdırılması üçün müstəqil su təchizatına malik ən azı 2 karantin-təcrid su hövzəsi qurulmalıdır. Hər bir balıqçılıq təsərrüfatında ixtiopatoloji tədqiqatların aparılmasından ötrü müvafiq laboratoriyanın qurulması zəruridir. Balıq yetişdirmədə infeksion və invazion xəstəliklərə görə sudakı duzun qatılığı və qazların normasının qənaətbəxş olması da tələb edilir.
Balıqçılıq təsərrüfatlarının layihələndirmə prosesində bir sıra sanitar-gigiyenik norma qaydalarının tələblərinə riayət olunması vacib sayılır. Belə təsərrüfatlarda suyun təmizliyi balıqların yetişdirilməsinə təsir edən ən mühim amillərdəndir. Həmçinin yetişdirilən balıq növlərinin fizioloji təlabatına uyğun olaraq, suyun keyfiyyət dərəcəsi tənzimlənməlidir. İstifadə edilən suyun mənbəyi sənaye və kənd təsərrüfatı müəssisələrindən kənar ərazidə yerləşməlidir. Balıqyetişdirmə təsərrüfatlarının su ilə kəhriz və artezian quyuları vasitəsilə təmin olunması daha məqsədəuyğundur. Əgər su göl və çaylardan gəlirsə, digər balıqların daxil olmasının və çirklənmənin qarşısını almaqdan ötrü təsərrüfatların girişlərinə qəfəslər və filtrlər quraşdırılmalıdır. Buna görə də, xəstəliklərin bir təsərrüfatdan digərinə keçməsinin qarşısını almaq məqsədilə bütün nohur və hovuzların müstəqil su təchizatına malik olması zəruridir.
Balıqçılıq təsərrüfatlarında profilaktik tədbirlərin həyata keçirilməsi önəmlidir. Profilaktik tədbirlər xəstəliklərin yaranmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks balıqçılıq meliorasiyası və baytarlıq-sanitariya normaları hesab edilir. Balıqçılıq meliorasiyası nohur, hovuz və digər yerlərdə süni şəraitdə yetişdirilən balıqlar üçün optimal şəraitin yaradılmasına yönəlmiş tədbirlər olaraq bilinir. Bu tədbirlərə təsərrüfatlarda seleksiya-damazlıq işlərinin aparılması, balıqların yemləndirilməsi, polikulturadan istifadə edilməsi, nohurların gübrələnməsi, su hövzəsində hidrokimyəvi rejimin nəzarətdə saxlanması, meliorativ işlərin görülməsi və torpağın dincə qoyulması aiddir. İnfeksion və invazion xəstəliklərin profilaktikası məqsədilə balıqçılıq təsərrüfatlarının rəhbər və mütəxəssisləri tərəfindən ümumi balıqçılıq-meliorasiya və baytar-sanitar tədbirləri həyata keçirilməlidir.
Balıqyetişdirmə prosesində balıqlar üçün əlverişli baytarlıq-sanitariya şəraitinin yaradılması zəruridir. Bunun üçün payız mövsümündə nohurlar boşaldıldıqdan sonra onun lilli və sulu hissəsi söndürülməmiş əhənglə və ya xlorla dezinfeksiya və dezinvaziya olunmalıdır. Sanitar-gigiyenik qaydaların təmini üçün balıqçılıq inventarlarının saxlandığı yerlər və avadanlıqlar vaxtaşırı dezinfeksiya edilməlidir. Eyni zamanda balıq yetişdirmək məqsədilə təsərrüfata yalnız infeksion və invazion xəstəliklər üzrə vəziyyəti qənaətbəxş hesab olunan balıq, mayalanmış kürü və onurğasız su heyvanlarının gətirilməsinə icazə verilir. Bir təsərrüfatdan digərinə balıqların, mayalanmış kürülərin və onurğasız su heyvanlarının daşınması zamanı isə hər bir məhsul üçün baytarlıq şəhadətnaməsi tələb edilir.
Xəstəliklərin qarşısının alınması və müalicə tədbirlərinin həyata keçirilməsi üçün hər bir balıqçılıq təsərrüfatına mütəmadi olaraq baytar həkimlər nəzarət etməlidir. Buna görə də, təsərrüfatın epizootik vəziyyətindən asılı olmayaraq, balıqların ildə 3-4 dəfə baytar həkimlər tərəfindən müayinəsinin təmin olunması tövsiyə edilir. Zərurət yarandığı halda, nəzarət tədbirləri gücləndirilərək müayinələr daha tez-tez aparıla bilər.